SİYASƏT
BAKIDA 3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİ AÇILMIŞDIR
Açılış mərasimində çıxış edən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev dedi ki, iştirakçı dövlətlərin və şirkətlərin sayı ilbəil artır. Builki sərgi bir də onunla əlamətdardır ki, burada Azərbaycan regionları geniş təmsil olunmuşdur. Bu, ölkə rəhbərliyinin regionların iqtisadi inkişafına, burada dünya səviyyəli turizm infrastrukturlarının yaradılmasına diqqət yetirdiyini sübut edir. Nazir bu qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, sərginin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə isə Dünya Turizm Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonra Dünya Turizm Təşkilatının Avropa üzrə regional nümayəndəsi Luici Kabrini çıxış edərək, Böyük İpək yolunun bərpasına dair qlobal layihənin həyata keçirilməsində Azərbaycanın əhəmiyyətli rolunu vurğuladı.
Açılış mərasimindən sonra qonaqlar, o cümlədən müxtəlif ölkələrin Bakıda akkreditə olunmuş səfirləri ekspozisiyaya baxdılar. Azərbaycanın nadir təbiətə malik, xalq sənəti ənənələri ilə zəngin olan müxtəlif regionlarının pavilyonları qonaqlarda xüsusi maraq doğurdu.