MƏDƏNİYYƏT
BAKIDA ALTINCI ÜMUMRESPUBLİKA DAXİLİ TURİZM KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Bakıda “Holiday İnn” mehmanxanasında altıncı ümumrespublika daxili turizm konfransı keçirilmişdir.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir. Azərbaycanın geniş turizm imkanlarına malik olduğunu diqqətə çatdıran nazir, ölkəmizin Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahədə bir sıra nailiyyətlərin əldə olunduğunu söyləmişdir.
Ölkəyə gələn turistlərin sayının hər il orta hesabla 25 faiz artdığını deyən nazir, rəsmi statistikaya əsasən, bu ilin ilk altı ayı ərzində respublikanın müxtəlif bölgələrində 78 mindən çox turistin istirahət etdiyini diqqətə çatdırmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Ə.Qarayev bildirmişdir ki, son bir ayda müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsi, habelə dünya səviyyəli müğənnilərin paytaxtımıza gəlişi ölkəmizdə turistlərin sayının artmasına səbəb olmuşdur.
Eyni zamanda, turizmin inkişafı üçün ölkədə mehmanxanaların vəziyyətinin də yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Nazir demişdir ki, ölkədə mövcud olan 289 mehmanxananın hamısı bu ildən etibarən lisenziya əsasında fəaliyyət göstərəcəkdir. Lisenziyalar 5 il müddətinə veriləcəkdir. İndiyədək lisenziya almaq üçün 200-ə yaxın mehmanxanadan nazirliyə müraciət daxil olmuş, onlardan 52-nin xahişi yerinə yetirilmişdir. Nazir xəbərdarlıq etmişdir ki, bu il dekabrın 30-dək lisenziya almayan mehmanxanaların fəaliyyəti dayandırılacaqdır.
Ə.Qarayev ölkəyə turist axınını sürətləndirmək məqsədi ilə teatrların, muzeylərin və digər mədəniyyət ocaqlarının müasir standartlara uyğun qurulmasının vacibliyini qeyd etmişdir. Nazir Azərbaycan Turizm İnstitutunun açılmasının bu sahədə mövcud olan kadr çatışmazlığının aradan qaldırılmasına kömək edəcəyini vurğulamışdır.
Konfransda “Şəki Saray”, “Holiday İnn”, “Batabat”, “Azcot”, “Retro” və “Palıdlı sahil” mehmanxanalarına lisenziyalar təqdim olunmuşdur.
Tədbirdə müxtəlif rayonların icra hakimiyyəti orqanlarının, habelə, turizm agentliklərinin və mehmanxanaların nümayəndələri çıxış edərək, respublikamızda bu sahədə mövcud vəziyyət barədə məlumat vermiş, qarşıya çıxan müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini bildirmişlər.