ELM VƏ TƏHSİL
BAKIDA AMERİKA-AZƏRBAYCAN TƏHSİL MƏRKƏZİ AÇILMIŞDIR
Səfir mərasimdə çıxış edərək bildirdi ki, Amerika-Azərbaycan Təhsil Mərkəzi ABŞ-ın təhsil sahəsindəki bütün proqramlarının nümayəndəliklərini bir yerə toplamışdır, bu isə ölkə ictimaiyyəti ilə işi xeyli yüngülləşdirəcəkdir.
R.Harniş dedi: “Mərkəzdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi dörd proqramın - İREX, ACCELS, Project Harmony proqramlarının və Bakı informasiya-təhsil mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərəcəkdir. Amerika kitabxanası da burada yerləşəcəkdir”. ABŞ səfiri vurğuladı ki, bu mərkəz Azərbaycanın kitab fondlarının artmasına və kitabxanalarının interyerinin yenidən qurulmasına kömək edəcək, İnternet şəbəkəsinə pulsuz çıxmağa imkan verəcək, habelə ABŞ-da təhsil almış şəxslər üçün resurs mərkəzi olacaqdır.
O xatırlatdı ki, son 10 ildə ABŞ hökuməti Azərbaycanda təhsil proqramlarının maliyyələşdirilməsinə üst-üstə 40 milyon dollar ayırmışdır və ABŞ ali məktəblərinin bir çox məzunları indi müxtəlif məsul vəzifələrdə çalışırlar.
R.Harniş sözünü tamamlayaraq dedi: “ Bu günlərdə mən Gəncədə ABŞ ali məktəblərinin bir qrup məzunu ilə görüşdüm və yaxın vaxtlarda Bakıda da belə görüş təşkil edəcəyəm. Bilirəm ki, elm, təhsil və mədəniyyətin Azərbaycan xalqı üçün böyük əhəmiyyəti var. Bunu Amerika xalqı barəsində də demək olar. Ümidvaram ki, bu mərkəz xalqlarımızın yaxınlaşmasına və Azərbaycan cəmiyyətinin inkişafına kömək edəcəkdir”.
Təhsil naziri Misir Mərdanov mərkəzin açılışını yüksək qiymətləndirərək, Azərbaycanda təhsilin inkişafına diqqət yetirdiyinə görə ABŞ səfirinə təşəkkür etdi. O dedi ki, bu mərkəz iki ölkənin təhsil sahəsində əlaqələrinin möhkəmlənməsinə və inkişafına təkan verəcəkdir.