İQTİSADİYYAT


BAKIDA BANK SİSTEMİNİN İNKİŞAFINA DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS AÇILMIŞDIR

Noyabrın 12-də Bakıda, “Gülüstan” sarayında “Azərbaycanın bank sisteminin inkişafı” mövzusunda birinci beynəlxalq konfrans açılmışdır. Konfransda Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi mötəbər beynəlxalq maliyyə təsisatlarının, 15 aparıcı yerli bankın, auditor və sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara təbrik məktubu oxundu. Məktubda bu tədbirin bank sektorunun və ümumən bütün iqtisadiyyatın inkişafı üçün əhəmiyyəti vurğulanır.

Azərbaycan Milli Bankı İdarə heyətinin sədri Elman Rüstəmov forumun açılışında çıxış edərək dedi ki, ölkəmizdə uğurla aparılan islahatlar yaxın illərdə əhalinin rifahının yüksək sürətlə artacağından danışmağa əsas verir. O, bank sektorunun inkişafından söz açaraq bildirdi ki, bu sahədə islahatlara 1996-cı ildə başlanıb və uğurla davam etdirilir, bank sektoru ölkədə iqtisadi layihələrin gerçəkləşdirilməsinə bundan sonra da müvafiq reaksiya verəcəkdir.

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Donna Dousset-Koyrolo beynəlxalq konfransın keçirilməsini yüksək qiymətləndirərək dedi ki, indi Azərbaycanda bir çox istiqamətlərdə irimiqyaslı islahatlar aparılır. Əsas təşkilatçısı özəl bank olan indiki konfrans buna daha bir sübutdur. D.Dousset-Koyrolo vurğuladı ki, dünya maliyyə qurumları buna böyük əhəmiyyət verir, çünki dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlığın olması iqtisadiyyatın dinamik inkişafının yaxşı göstəricisidir və Azərbaycan buna keçmiş Sovet İttifaqı respublikaları arasında birincilər sırasında nail olubdur.

Konfransda müzakirə ediləcək əsas məsələlər bank sektorunun inkişaf strategiyasının hazırlanması, bank qanunvericiliyinin digər normativ aktlarla əlaqəsi, dövlət banklarının özəlləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Milli Bankı, “AtaBank”, “AtaHoldinq” tərəfindən təşkil olunmuş forum noyabrın 14-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.