İDMAN
BAKIDA BEYNƏLXALQ HƏVƏSKAR BOKS ASSOSİASİYASININ PREZİDENTİ, PROFESSOR ƏNVƏR ÇOUDRİNİN ŞƏRƏFİNƏ LİSENZİYA TURNİRİ BAŞLANMIŞDIR
Xatırladaq ki, bu turnir Bakıda 8-ci dəfə keçirilir. İlk beş turnir yeniyetmə və gənc idmançıların iştirakı ilə keçirilmişdir, 2002-ci ildən isə qalib adı uğrunda milli komandaların boksçuları da mübarizə aparırlar.
AİBA Azərbaycan rəhbərliyinin idmanın, o cümlədən boksun inkişafına böyük diqqət yetirdiyini nəzərə alaraq, builki turnirə lisenziya statusu verilməsi təşəbbüsü irəli sürmüşdür. Beləliklə, turnirdə idmançılar avqustda Afinada keçiriləcək Olimpiya oyunlarına vəsiqə uğrunda da mübarizə aparacaqlar.
Mayın 2-dək davam edəcək turnirdə 34 ölkənin 200-dək boksçusu 6 çəki dərəcəsində yarışacaqdır. Turnirdə Azərbaycanı 4 idmançı – Ceyhun Əbiyev (48 kq), Ağası Məmmədov (54 kq), Əli İsmayılov (81 kq) və İlqar Məmmədov (91 kq-dan yuxarı) təmsil edirlər.
İdman marşının təntənəli sədaları altında yarışların iştirakçıları və hakimlər salona daxil oldular.
Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açılış mərasimində çıxış edərək, iştirakçıları salamladı və bildirdi ki, 8-ci dəfə keçirilən beynəlxalq turnir artıq gözəl ənənəyə çevrilmişdir. Turnirə lisenziya statusu verilməsi üçün AİBA-nın irəli sürdüyü təşəbbüs onun Azərbaycana böyük etimad göstərdiyini, ölkəmizdə idmanın inkişafını yüksək qiymətləndirdiyini göstərir. Nazir Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi adından Beynəlxalq Həvəskar Boks Assosiasiyasına və şəxsən onun prezidenti cənab Çoudriyə təşəkkür etdi.
Ölkəmizdə idman hərəkatının yüksək sürətlə inkişafından danışan nazir, ümummilli liderimiz Heydər Əliyevin və onun siyasətini davam etdirən, gənclərə, idmançılara, idmanın inkişafına daim qayğı göstərən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bu sahədə əvəzsiz xidmətlərini vurğuladı. O xatırlatdı ki, indiki turnir cari ildə Bakıda keçirilən üçüncü lisenziya turniridir.
Əbülfəz Qarayev bütün təşkilatçılara təşəkkür edərək, idmançılara uğurlar arzuladı və ümidvar olduğunu bildirdi ki, Azərbaycan boksçuları milli komandamıza daha bir neçə lisenziya gətirəcəklər. Hazırda Azərbaycanın boks üzrə 6 olimpiya lisenziyası var.
Mərasimdə AİBA-nın baş katibi Canel Doğaneli də çıxış etdi. O, idmanın inkişafında Prezident İlham Əliyevin xidmətlərini qeyd edərək, bir çox növlər, o cümlədən boks üzrə beynəlxalq yarışların Azərbaycanda yüksək səviyyədə təşkilini vurğuladı.
Sonra ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın dövlət himni səsləndi.
Milli rəqs ansamblının çıxışından sonra görüşlər başlandı.
48 kiloqram çəki dərəcəsində Ceyhun Əbiyev (Azərbaycan) Sergey Jmaylikə (Belarus), Vyaçeslav Qocan (Moldova) Nebil Yimama (Danimarka), Mumin Vəli (Makedoniya) Dudi Rudolfa (Slovakiya), Georgi Çiqayev (Ukrayna) Florin İlius Poçoya (Rumıniya), Atagün Yalçınqaya (Türkiyə) Kelvin del Niveyə (İspaniya) qalib gəldilər.
54 kiloqram çəkidə Vilhelm Qraçov (Almaniya) Əlica Məhəmmədi (Makedoniya), Georgi Kilanava (Gürcüstan) Erik Donovanı (İrlandiya), Ağası Məmmədov (Azərbaycan) Fransisko Kastilleconu (İspaniya) məğlubiyyətə uğratdılar.
69 kiloqram çəki dərəcəsində yarışan Timur Kacalov (Makedoniya) Qreyq MakEvanı (Böyük Britaniya), Dorel Simeon (Rumıniya) Stepan Horvazı (Çexiya) məğlub etdilər.
91 kiloqramdan yuxarı çəkidə Çaba Kurtuc (Macarıstan) Nikol Viyasinoviç (İsveçrə) üzərində qələbə qazandı.
Aprelin 28-də turnirdə növbəti görüşlər keçiriləcəkdir.