İQTİSADİYYAT
BAKIDA “BEYNƏLXALQ TİCARƏT, STANDARTLAR VƏ DÜNYA TİCARƏT TƏŞKİLATI: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 4-də “Azersun Holdinq”in mədəniyyət mərkəzində “Beynəlxalq ticarət, standartlar və Dünya Ticarət Təşkilatı: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Hökumət orqanlarının, xarici ölkələrin, özəl sektorun nümayəndələrinin qatıldıqları konfransdan məqsəd Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvolma prosesinə dair müzakirələr aparmaqdır. Qeyd edilmişdir ki, Azərbaycanın dünya ticarət dövriyyəsində payı böyük dövlətlərlə müqayisədə kiçik olsa da, respublikamız bu işdə fəaldır. Hazırda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına sürətlə inteqrasiya edir. Bu baxımdan DTT-yə üzv olmaq əhəmiyyətlidir.
Azərbaycanda DTT-yə üzvolma istiqamətdə bir çox işlər aparılır. Təşkilata üzv olmaq istəyən ölkələr qarşısında mövcud sazişlərin icrası, ticarət, vergi və gömrük rejiminə dair milli qanunvericiliyin DTT standartlarına uyğunlaşdırılması, ticarətin liberallaşdırılması üçün tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması tələbləri qoyulur. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında ticarətdə texniki maneələrin aradan qaldırılması üçün mövcud standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin DTT-nin Ticarətdə Texniki Maneələr Sazişinin tələbləri səviyyəsinə çatdırılması vəzifəsi də vardır. Tədbirdə DTT-yə üzvolmanın ticarətə dair milli qanunvericiliyinin təkmilləşməsinə, Azərbaycanda istehsal olunan məhsulların xarici ölkələrə ixracında bəzən müşahidə olunan ayrı-seçkiliyin aradan qaldırılmasına, qeyri-neft sektoruna investisiya axınının çoxalmasına müsbət təsiri qeyd edilmişdir. Bildirilmişdir ki, DTT-yə üzvolma prosesi 13 mərhələdən ibarətdir. Azərbaycan hazırda 8-ci - danışıqlar mərhələsindədir.
Xarici İşlər Nazirliyinin DTT ilə iş üzrə komissiyasının birinci katibi Şövqi Mehdizadə DTT-yə üzvolmanın Azərbaycan üçün əhəmiyyətindən danışmış, üzvolma prosesi barədə məlumat vermişdir.
Konfransda bəzi ölkələrin Dünya Ticarət Təşkilatına üzvolma prosesinə dair təcrübəsindən söz açılmışdır.
“Texniki tənzimləmələr və uyğunluğun qiymətləndirilməsi: ticarətə aid yanaşmalar” mövzusunda bölmə iclasında “Keçid dövründə standartlaşdırma: DTT-yə üzvlük baxımından yeni rəqabətə hazırlıq”, “Yaponiyanın keyfiyyətin idarə edilməsi sahəsində təcrübəsinin xüsusiyyətləri”, “DTT-yə üzvlük baxımından Azərbaycanda keyfiyyət sahəsində siyasət”, “Keyfiyyət və ətraf mühitin menecment sistemi işgüzar fəaliyyətin əsas amili kimi”, “Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyasının səmərəli yolları” məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.