MƏDƏNİYYƏT


BAKIDA BİRİNCİ BEYNƏLXALQ MUSİQİ FESTİVALI BAŞLANMIŞDIR

Fevralin 19-da respublikamızın mədəni həyatında diqqəti cəlb edən hadisə baş vermişdir. Kamera və orqan musiqisi zalında “CoHoP Tellər: Mədəniyyətlər... Təmaslar... 2003” devizi ilə birinci Beynəlxalq müasir və ənənəvi musiqi festivalının açılış mərasimi olmuşdur. 

CoHoP Müasir Musiqi Təşəbbüs Mərkəzindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu festival ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi, yeni istedadların və musiqi kollektivlərinin üzə çıxması, fərdi yaradıcılıq imkanlarının açılması, sənət axtarışlarının aparılması üçün geniş şərait yaradacaqdır.

Qeyd edilmişdir ki, Mədəniyyət Nazirliyinin, CoHoP Müasir Musiqi Təşəbbüs Mərkəzinin, Almaniyanın Azərbaycandakı səfirliyinin və Açıq Cəmiyyət İnstitutunun – Yardım Fondunun təşkilati dəstəyi ilə keçirilən festivalda dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən 16 ölkənin 45-ə yaxın məşhur musiqiçisi iştirak edir. Azərbaycanı festivalda xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi V.Hacıbəyov adına Dövlət simfonik orkestri, CoHoP ansamblı, “Azəri” muğam, “Bakustik-caz” və “Azəri-caz” qrupları təmsil edir və onların ifasında milli və klassik musiqimiz səslənəcəkdir. Eyni zamanda, festival çərçivəsində ingiltərəli saksofonçu Piter Furnis və almaniyalı dirijor Diter Mak Bülbül adına orta ixtisas musiqi məktəbində və Kappelhaus – Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində ustad dərsləri keçəcəklər.

Mərasimin bədii hissəsində Aqşin Əlizadənin, Vitold Lutoslavskinin, Anton Von Veberin, İsmayıl Hacıbəyovun və Cavanşir Quliyevin simfoniyaları, prelüdləri, uvertüraları səsləndirilmişdir.

Almaniyanın və Türkiyənin ölkəmizdəki səfirləri Klaus Qrevlix, Əhməd Ünal Çeviköz və digər səfirliklərin nümayəndələri mərasimində iştirak edirdilər.

Festival fevralın 23-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.