İDMAN
BAKIDA BOKS ÜZRƏ III DÜNYA KUBOKU UĞRUNDA YARIŞ KEÇİRİLİR
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti professor Ənvər Çoudri turnirin açılış mərasimində çıxış edərək ölkəmizdə bu idman növünün sürətlə inkişafından məmnunluğunu ifadə etmiş, idmana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
İştirakçıları salamlayan gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev paytaxtımızda son zamanlar belə mötəbər yarışların keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin artıq ənənə hal aldığını diqqətə çatdırmışlar. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışan nazir, ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
Sonra incəsənət ustaları çıxış etmişlər. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnir açıq elan olunmuşdur.
Turnirin reqlamentinə əsasən, yarışda 8 komanda dairəvi sistemlə iki qrupda mübarizə aparır. Öz qrupunda birinci yeri tutan komanda qalib adı uğrunda finalda yarışacaqdır. Qruplarda ikinci yerə çıxan yığmalar isə bürünc medala layiq görüləcəklər.
Azərbaycan millisi Kuba, ABŞ və Qazaxıstan boksçuları ilə bir qrupa düşmüşdür. Digər qrupda isə Rusiya, Ukrayna, Çin və Afrika yığma komandaları mübarizə aparırlar.
Turnirin ilk günü Kuba və Qazaxıstan boksçuları qarşılaşmışlar. Görüş Kuba boksçularının qələbəsi ilə başa çatmışdır - 9:2. Digər qrupda isə Ukrayna idmançıları Afrika yığmasını 10:1 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Oktyabrın 16-da isə rinqdə Rusiya və Çin yığmaları görüşmüşlər. Heyətində dünya və Avropa çempionlarının yer aldığı Rusiya boksçuları Çin millisini 9:2 hesabı ilə məğlub etmişlər.
Günün ikinci yarısında isə meydan sahibi Azərbaycan yığması ABŞ millisi ilə qarşılaşmışdır. Güclü azarkeş dəstəyi, boksçularımızın özünə inamı və məharəti sayəsində Məmməd Eyvazovun yetirmələri turnirdə ilk qələbələrini qazanmışlar – 9:2.
Oktyabrın 17-də isə millimiz boks ənənələri ilə seçilən Qazaxıstan komandası ilə qarşılaşacaqdır. Turnirə oktaybrın 21-də yekun vurulacaqdır.