İDMAN
BAKIDA BOKS ÜZRƏ LİSENZİYA TURNİRİ BAŞA ÇATMIŞDIR
Bu il AİBA Azərbaycan rəhbərliyinin ölkədə idmanın, o cümlədən boksun inkişafına böyük diqqət yetirdiyini nəzərə alaraq, turnirə lisenziya statusu vermək təşəbbüsü irəli sürmüşdür. Beləliklə, burada idmançılar avqustda Afinada keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmaq uğrunda da mübarizə aparmaq imkanı əldə etmişlər.
Aprelin 27-də başlanan turnirdə 34 ölkənin 100-dək boksçusu 6 çəki dərəcəsində qələbə uğrunda yarışmışdır. Azərbaycanı 4 idmançı – Ceyhun Əbiyev (48 kq), Ağası Məmmədov (54 kq), Əli İsmayılov (81 kq) və İlqar Məmmədov (91 kq-dan yuxarı) təmsil etmişlər. Yarışların şərtlərinə görə, 48, 54, 60, 69, 81 kq çəki dərəcələrində finalçılar və 91 kq-dan yuxarı çəki dərəcəsində qalib qarşıdakı Olimpiya oyunlarında iştirak etmək hüququ qazanırdı.
Final döyüşlərinin yekunlarına əsasən, 48 kq çəki dərəcəsində ilk üç yeri Ceyhun Əbiyev (Azərbaycan), Atagün Yalçınqaya (Türkiyə), Vyaçeslav Qocan (Moldova) tutmuşlar. 54 kq çəki dərəcəsində turnirin qalibi dünya çempionu Ağası Məmmədov olmuşdur. 2-ci yerə Xavaci Xatsiqov (Belarus), 3-cü yerə Sərdar Avçı (Türkiyə) çıxmışlar.
Qalan çəki dərəcələrində yerlər belə bölüşdürülmüşdür: 60 kq – Murad Xraçov (Rusiya), Vladimir Kravets (Ukrayna) və Marius Koperski (Polşa). 69 kq – Bülənd Ulusoy (Türkiyə), Vitali Qruşaç (Moldova), Neil Perkinq (İngiltərə). 81 kq – Əli İsmayılov (Azərbaycan), Məhəmməd Arifhacıyev (Belarus), Konstanstin Bejenaru (Rumıniya).
91 kq-dan yuxarı çəki dərəcəsində qızıl medalı Ukrayna boksçusu Aleksey Mazıkin qazanmışdır. 2-ci yeri Marius Vaç (Polşa), 3-cü yeri İlqar Məmmədov (Azərbaycan) tutmuşlar.
Ceyhun Əbiyev turnirin ən texnikalı boksçusu hesab edilmişdir. Ona xüsusi kubok təqdim olunmuşdur. Ən yaxşı boksçu adına isə Aleksey Mazıkin layiq görülmüşdür. Ona büllur əlcək təqdim edilmişdir.
Turnirdə idmançılarımız 2004-cü il Olimpiadasına 3 vəsiqə qazanmışlar. Beləliklə, Azərbaycan boksçularının 9 lisenziyası var.
Xatırladaq ki, bu günədək Azərbaycan yığma komandası Olimpiya oyunlarına 32 vəsiqə qazanmışdır.