BAKIDA “DƏYİŞİLƏN CƏMİYYƏTDƏ SÜLHÜN QORUNMASINA YANAŞMALAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏKDİR
AzerTAg.az
Avqustun 19-da “Hyatt Recensi-Naxçıvan” mehmanxanasında “Dönüş mərhələsində qlobal idarəetmə: Dəyişilən cəmiyyətdə sülhün qorunmasına innovasiya yanaşmaları” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir. Tədbirin təşkilatçıları “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və BMT-nin nəzdində fəaliyyət göstərən Sülh Uğrunda Dinlərarası və Millətlərarası Federasiyadır.
“Simurq” assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, 120 nəfər nümayəndənin iştirak edəcəyi seminarda Azərbaycanda və dünyada peşəkar və ictimai səviyyələrdə, habelə dini təşkilatlar mühitində sülh mədəniyyətinin inkişafı üçün səmərəli yanaşma metodları müzakirə olunacaqdır.
Tədbirin sonunda iştirakçılar bu ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında müzakirəyə çıxarılacaq “Sülh mədəniyyəti” mövzusu ilə bağlı qətnamə qəbul edəcək, Azərbaycanın bir sıra ziyalılarına sülh mədəniyyətinin inkişafındakı roluna, bu işə verdikləri töhfələrə, humanist yaradıcılıqlarına, fəal beynəlxalq sülhyaratma fəaliyyətlərinə görə “Sülh səfiri” diplomları təqdim olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var