İQTİSADİYYAT
BAKIDA İLK AVTOMOBİL SƏRGİSİ AÇILMIŞDIR
BU SƏRGİDƏ “RUSAUTOQAZ”IN YENİ “QAZ-311O5” MİNİK AVTOMOBİLİ DƏ NÜMAYİŞ ETDİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərgi iştirakçılarına və qonaqlara təbrik məktubu oxunduqdan sonra Rusiya Federasiyasının, Almaniyanın və Türkiyənin Azərbaycandakı səfirləri Nikolay Ryabov, Klaus Qrevlix, Əhməd Ünal Çeviköz çıxış etmişlər.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının baş katibi Natiq Zərbaliyev, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, ITE Group PLc Britaniya sərgi şirkətinin Qafqazda eksklyuziv tərəfdaşı İteca Caspian Ltd təşkilatının direktoru Fərid Məmmədov saraya ümummilli liderimiz Heydər Əliyevin adı verildikdən sonra burada ilk dəfə keçirilən sərgi barədə ətraflı məlumat vermişlər. Onlar qeyd etmişlər ki, Azərbaycanın avtomobil bazarı sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən firma avtosalonları və xidmət stansiyaları ilə diler şəbəkəsi yaratmaq niyyətində olan tanınmış avtomobil istehsalçılarının sayı artır. Mövcud avtomobil bazarı alıcılara müxtəlif markalı və təyinatlı nəqliyyat vasitələri təklif edir. Əhali arasında müasir, rahat və təhlükəsiz avtomobillərə tələbat yüksəkdir. Bütün bunlara görə avtomobil sərgisinin keçirilməsi aktualdır. Sərgidə təkcə minik avtomobillərinin deyil, yük nəqliyyatı və motosiklet istehsalçıları da iştirak edirlər, avtomobil aksessuarları, təmir və texniki işlərə dair xidmətlər təklif olunur.
Sərgidə dünyanın 20 ölkəsindən 40-dan artıq şirkət iştirak edir. Onların arasında 7-si Azərbaycanı, qalanı isə Rusiya, Polşa, Türkiyə, İtaliya, Almaniya, ABŞ, Hollandiya, Belarus, İran, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Özbəkistan və başqa ölkələri təmsil edir. Bu şirkətlərin 11-i ilk dəfədir ki, Azərbaycana gəlib.
Sərgidə yeni avtomobil modelləri, o cümlədən “Rusautoqaz”ın “QAZ-31105”, “Daewoo” şirkətinin Özbəkistanda istehsal olunmuş “Nexia” modelləri nümayiş etdirilir.