SİYASƏT
BAKIDA ”İNSAN HÜQUQLARI EVİ” AÇILACAQDIR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Norveçdə yerləşən “İnsan hüquqları evi”nin nümayəndəsi xanım Berit Lindeman ilə görüşündə başçılıq etdiyi təsisatın fəaliyyəti, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi sahəsində atılan mühüm addımlar barədə məlumat vermişdir. Qonaq səfərinin məqsədini açıqlamış, insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ğörüşlərindən söz açmış, “İnsan hüquqları evi”nin Moskvada, Varşavada və Sarayevodakı QHT-ləri birləşdirən regional təşkilatları barədə məlumat vermişdir. O, Azərbaycanda insan hüquqları üzrə QHT-ləri bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək məqsədilə belə bir evin Bakıda açılması təklifini vermişdir. Milli maraqlara xidmət edən hüquq evinin ölkəmizdə yaradılması təklifi bəyənilmişdir. Görüş zamanı yeni yaradılacaq qurumda insanların əsas hüquqları üzrə işin aparılması, müvafiq sənədlərin hazırlanması və başqa məsələlər də müzakirə olunmuşdur.