BAKIDA IX AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ AÇILMIŞDIR
AzerTAg.az
Sentyabrın 24-də Bakı İdman-konsert kompleksində Britaniyanın ITE Group Plc sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı Caspian Ltd şirkətinin təşkilatçılığı, respublika Ticarət və Sənaye Palatasının, Dövlət Tikinti və Arxitektura Komitəsinin yardımı ilə IX Azərbaycan beynəlxalq inşaat sərgisi
açılmışdır.
Rəsmi açılış mərasimində Baş nazirin müavini Abid Şərifov, Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, İTE Group Plc şirkətinin baş direktoru Eduard Stroon çıxış edərək demişlər ki, bu gün Azərbaycan Qərb və Şərq, Şimal və Cənub arasında iqtisadi əlaqələrinin fəal iştirakçısıdır. Sərgi iştirakçılarının sayının ildən-ilə artması bunu aydın sübut edir. Hazırda inşaat sənayesi ölkə iqtisadiyyatının ən çox inkişaf etmiş bölmələrindən biridir. İstər Azərbaycanın paytaxtında, istərsə də bölgələrdə mənzil-kommunal obyektlərinin, inzibatı komplekslərin, mədəniyyət və əyləncə mərkəzlərinin tikintisi artmaqdadır. Natiqlər əmin olduqlarını bildirmişlər ki, sərgi yerli və xarici şirkətlərə yeni əlaqələr qurmağa, inşaat bazarındakı vəziyyəti təhlil etməyə, etibarlı ortaqlar tapmağa, öz ticarət markalarını daha geniş tanıtmağa və əlavə sərmayə cəlb etməyə imkan verəcəkdir.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olmuşlar.
Sərgidə 20 ölkədən 115 şirkət iştirak edir. Azərbaycanı “2M Mühəndislik” MMC, “Qaradağ sement”, “Mətanət-A”, “Aykon”, “Asnaf-Alkon”, “AVM-VOLF”, “Bakelektroştamp” ASC, “Bakı polad istehsalı” şirkəti, “Behrud inşaat”, “Buxar”, “Dərnəgül boru” və başqaları təmsil edirlər.
Türkiyə, İran, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Finlandiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Litva, Avstriya, İtaliya, Qazaxıstan, İsveçrə və başqa ölkələrin milli şirkətləri potensial alıcılara və tərəfdaşlara geniş çeşiddə tikinti materialları və avadanlığı təklif edirlər.
Sərgi üç gün davam edəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var