REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada paytaxt sakinlərinə Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Alıcılar təzə və keyfiyyətli məhsulların bazarlardan xeyli ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər.
Sabirabadın Mürsəli kəndindən Ağaxan Cavadov, Ulacalı kəndindən Nail Quliyev, Gədəbəyin Qaramuradlı kəndindən Arzu Tanrıquliyev gətirdikləri məhsulları bazardakından nəzərəçarpacaq dərəcədə ucuz satırdılar.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, şənbə günü paytaxt sakinlərinə 20,3 ton məhsul, o cümlədən 3 ton ət, 0,3 ton ağartı, 7 ton tərəvəz, 3 ton kartof, 7 ton meyvə, 25 min ədəd yumurta təklif olunmuşdur.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan 60 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya isə Saatlı, Salyan, Ağdaş, Masallı və digər başqa rayonlardan 15 tondan çox kartof, soğan, kələm, alma, heyva, nar, üzüm, qoz, naringi, lobya, xiyar, mal əti və digər məhsullar gətirilmişdi. Burada kartofun kiloqramı 40-50 soğan 25-30, kələm 20, nar 40-80, alma 20 qəpiyə təklif olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarından gətirilmiş 60 tona yaxın məhsul satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, bu məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 6 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Səfəralı Nəsirovun sözlərinə görə, qiymətlərin bazardakından 20-25 faiz ucuz olduğu yarmarkada heyvanlar baytar nəzarəti altında kəsilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində əhaliyə Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri bakılılara 250 tona yaxın keyfiyyətli kənd təsərrüfatı məhsulu təklif edirdilər. Mövsümlə əlaqədar yarmarkaya gətirilən məhsulların çeşidi də dəyişmişdi. Burada kələm, xurma, heyva, əzgil, feyxoa və başqa məhsullar çoxluq təşkil edirdi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Qazax rayonundan 16 ton kartof, lobya, alma, nar, badımcan və digər məhsullar gətirilmişdi. Burada soğanın kiloqramı 20, kələm 25-30, kartof 40 qəpiyə satılırdı.
Şəhər sakinləri qiymətləri bazardakından 20-30 faiz ucuz olan məhsulları çox həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, bu gün Ağsu və Qazax rayonlarının fermerləri yarmarkaya 30 tona yaxın keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışlar.
Binəqədi rayonunun 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada əhaliyə Goranboy, Bərdə və Ağstafa rayonlarının fermerləri 27 ton təzə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerləri satışa 92,6 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, bu gün paytaxt sakinlərinə 35 adda kənd təsərrüfatı məhsulları təklif olunur.
Paytaxtda satış-yarmarkalar bazar günü də davam etdiriləcəkdir.