REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq, əsasən meyvə, bostan və tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 11,2 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2 ton kartof, 5 ton meyvə, 15 min ədəd yumurta təklif olunmuş, iki gün ərzində isə 31,5 ton məhsul satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada bazar günü Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermerləri əhaliyə 7 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, yarmarkalarda satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Alıcılar satışa çıxarılmış meyvə- tərəvəzin, bitkiçilik məhsulları və ət-süd məmulatlarının keyfiyyətindən də razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 2 tondan çox məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günlərində bu yarmarkada 26,6 ton kartof, 51,7 ton meyvə, 22 ton ət, 7,7 ton ağartı, min ədəd yumurta və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkaya Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada bazardakından 20-30 faiz ucuz qiymətlərə lobya, nar, alma, kök, çuğundur, badımcan, kartof və digər kənd təsərrüfatı məhsulları satılırdı.
Burada bazarlıq edən şəhər sakinləri onlara təklif olunan məhsulların həm də təzə və keyfiyyətli olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, şənbə və bazar günləri yarmarkada Qazax, Ağsu rayonlarından gətirilmiş 30 tonadək meyvə-tərəvəz, heyvandarlıq məhsulları satılmışdır.
Binəqədi rayonunun 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Bərdə və Ağstafa rayonlarının fermerləri satışa iki gün ərzində təqribən 30 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada bazar günü Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerlərinin təklif etdiyi 35 adda kənd təsərrüfatı məhsulu həvəslə alınmışdır.