REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Səhər tezdən yarmarkaya gələn alıcılar - pensiyaçı Şükufə Nəbiyeva, evdar qadın Gülsüm Sadıqova və başqaları bəzi məhsulların bazarlara nisbətən ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər. Burada kartof, kök, çuğundur 50-60, turp, kələm 30 qəpiyə, mal əti 3 manat 40, qoyun əti 3 manat 60 qəpiyə, bal 9 manata və s. satılırdı.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 32,4 ton məhsul, o cümlədən 5 ton ət, 0,7 ton ağartı, 8 ton tərəvəz, 12 ton kartof, 0,7 ton bostan məhsulları, 6 ton meyvə, 20 min ədəd yumurta təklif olunmuşdur. İki gün ərzində əhaliyə 76 ton məhsul satılmışdır.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi, Astara, Oğuz və digər rayonlardan gətirilmiş 56 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Yarmarkada qiymətlər bazardakından 3-40 faiz aşağı idi.
Astaradan 3 tondan çox naringi gətirmiş Rakif Namazov bayram günlərində burada 2 tona yaxın məhsul satdığını və yaradılmış şəraitdən razılığını bildirdi.
Burada kartofun kiloqramı 40-60, soğan 25, kələm 20-25 qəpiyə, xiyar 1 manata, pomidor 2 manata, alma 50-70, xurma 40-50 qəpiyə, mal əti 3 manat 40, qoyun əti 4 manat 20 qəpiyə, yumurtanın biri 12 qəpiyə təklif edilirdi.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Saatlı, Salyan, Ağdaş, Masallı və digər rayonlardan 9 tondan çox məhsul gətirilmişdi.
Alıcılar Sona Bəkirova, Arif Qarayev, Almaz Məmmədova və başqaları yaradılmış şəraitdən, qiymətlərin ucuzluğundan və məhsulun keyfiyyətindən razılıq edirdilər.