REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 21 ton məhsul, o cümlədən 3 ton ət, 1 ton ağartı, 7 ton tərəvəz, 2 ton kartof, 1 ton bostan bitkisi, 7 ton meyvə, 20 min ədəd yumurta təklif olunmuşdur. Yarmarkada qiymətlər bazardakından 15-25 faiz aşağı olmuşdur.
Yanvarın 12-də Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 17 ton məhsul çıxarmışdılar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə əhaliyə 4 tona yaxın məhsul təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Səfəralı Nəsirovun sözlərinə görə, burada qiymətlər bazardakından 25-30 faiz ucuzdur.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan 16 ton tərəvəz, 21 ton meyvə, 2,5 ton bostan bitkisi, 5 ton kartof, 3,5 ton ət məhsulları, 2 min ədəd yumurta, ümumilikdə 50 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Salyanın “Hacı Camalxan” kəndli fermer təsərrüfatının satıcısı İsa Məmmədov bildirdi ki, hər dəfə bura 600 kiloqramdan çox qablaşdırılmış ağartı məhsulları gətiririk. Paytaxt sakinləri bu məhsulları həvəslə alırlar. Yarmarkada kartofun kiloqramı 40-50, soğan 20, kələm 25, alma 30-70 qəpiyə, mal əti 3 manat 40, qoyun əti 4 manat 20 qəpiyə təklif edilirdi.
Yarmarkada nəzarət tərəzisi də qoyulmuşdu.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Saatlı, Salyan, Ağdaş, Masallı və digər rayonlardan 8 tondan çox məhsul çıxarılmışdı. Qiymətlər bazardakından 40-50 faiz aşağı idi.
Alıcılar Fərid Daşdəmirov, Samil Salmanov, Xanbacı Qurbanova və başqaları buradakı bolluğu yüksək qiymətləndirir, məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov demişdir ki, rayonumuzun fermerləri Biləcəri qəsəbəsindəki 7 ton kartof, 3 ton meyvə və digər məhsullar gətirmişlər.
Bu yarmarkada satışa Ağsu fermerlərinin də məhsulu çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, burada alıcılara 27 tondan artıq meyvə-tərəvəz və digər məhsullar təklif edilir.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada qiymətləri bazardakından 20-30 faiz ucuz olan kələm, soğan, turp, kartof və digər məhsullar satılırdı.
Müvafiq işçi qrupunun rəhbəri Sabir Əhədovun sözlərinə görə, Ağstafa, Bərdə və Goranboy rayonlarından yarmarkaya ümumilikdə 23 tondan çox meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir.
Nərimanov rayonu Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz, Beyləqan və Tərtər fermerləri müxtəlif çeşidli 87,2 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Burada kartofun kiloqramı 40, soğan 25, kələm 20-25, alma 40-50, xurma 30-50 qəpiyə, xiyar 1 manata, pomidor 2 manata, mal əti 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, yumurtanın biri 9-10 qəpiyə satılırdı.