REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 18,5 ton məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 7 ton tərəvəz, 2 ton kartof, 1 ton bostan bitkisi, 6 ton meyvə, 10 min ədəd yumurta təklif edilir. Yarmarkada qiymətlər bazardakından 15-25 faiz aşağıdır. İki gün ərzində əhaliyə 40 ton məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı təklif edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada 10,5 ton kartof, 36 ton meyvə, 21,5 ton tərəvəz, 12,7 ton ət və digər məhsullar satılmışdır.
Şəhər sakinləri təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından ucuz olduğuna görə razılıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Salyan və Biləsuvar rayonlarının fermərləri şənbə və bazar günləri satışa 19 tona yaxın məhsul çıxarmışdılar. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə bazar günü 4 tondan çox məhsul satılmışdır.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada alıcılara Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 85,6 ton meyvə-tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, Giləzi, Goradil broyler fabriklərindən 1,3 tondan çox toyuq əti, 20 min ədəd yumurta təklif olunurdu. Burada mal ətinin kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, quş əti 2 manat 60 qəpiyə, soğan 20, kök 50, çuğundur, alma 40, kartof 40-50, armud, mandarin 60, yumurtanın bir ədədi 9-10 qəpiyə satılırdı.