REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 16,55 ton məhsul, o cümlədən 4 ton ət, 0,25 ton ağartı, 6 ton tərəvəz, 5 ton kartof, 0,3 ton bostan bitkisi, 1 ton meyvə, 5400 ədəd yumurta, 100 kiloqram bal təklif edilmişdir.
Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 90 qəpiyə, kök 40-50, kələm 50 qəpiyə, alma 1 manat- 1 manat 20 qəpiyə, armud 1 manat- 1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 9 qəpiyə satılırdı.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Qusar, Sabirabad, Saatlı və digər rayonlardan 44 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları, o cümlədən 19 tondan çox tərəvəz, 7,7 ton kartof, 10 ton meyvə, 2,7 ton ət və s. gətirilmişdi.
Füzuli rayonunun Qayıdış qəsəbəsindən gəlmiş Səadət Qasımovanın sözlərinə görə, dörd ildir ki, dövlətimiz tərəfindən inşa edilmiş bu qəsəbədə yeni mənzildə yaşayır. Fermer təsərrüfatı yaratmışdır və mal-qara saxlayır. Bu gün buraya ağartı gətirmişdir. Kərə yağının kiloqramını 4 manata, pendiri 3 manata təklif edir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Masallı, Kürdəmir və digər rayonların fermerləri satışa 8 tondan çox məhsul çıxarmışdılar.
Qəsəbə sakini Fərəc Abdullayev bildirdi ki, məhsulların çeşidi onları təmin edir. Bura üz tutan hər bir alıcı bazardakından ucuz qiymətlərə pomidor, xiyar, gül kələm, kartof, yumurta, ət və s. ala bilir.
Ötən dövr ərzində yarmarkada 20 tondan çox məhsul satdığını bildirən ağdaşlı fermer Firudin Babaşov təklif etdiyi ətin həvəslə alındığını vurğuladı. O, qəsəbə sakinlərinə hər həftə təzə mal və qoyun əti gətirdiyini və bundan sonra da bu işi davam etdirəcəyini söylədi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Daşkəsən, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş məhsullar satılırdı. Bolluq dərhal nəzərə çarpırdı. Burada tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal var idi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, bu gün rayonun ərazisində fəaliyyət göstərən yarmarkada alıcılara 139,8 ton kənd təsərrüfatı məhsulları təklif edilir.
Paytaxt sakinləri yarmarkanın davamlı təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirir, keyfiyyətli və ucuz məhsul gətirmiş fermerlərə təşəkkür edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, rayon fermerləri bu gün satışa 8 ton kartof, 4 ton soğan, 1,5 ton kələm və digər məhsullar çıxarmışlar.
Burada şəhər sakinləri onlara təklif edilən məhsulların qiymətlərinin bazardakından xeyli ucuz və keyfiyyətli olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə dedi ki, Ağsu və Qazax rayonlarından yarmarkaya 32,6 ton məhsul gətirilmişdir.
İşçi qrupunun rəhbəri Sabir Əhədovun dediyinə görə, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri satışa 16 tondan çox məhsul çıxarmışdılar.
Bərdəli İsmayıl Seyidov paytaxt sakinlərinə 1,5 ton kartof, 1 ton soğan, 0,5 ton xiyar təklif edirdi. Burada məhsullar bazardakından 40-50 faiz ucuz idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun bildirdiyinə görə, şənbə günü Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada paytaxt sakinlərinə Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 38,2 ton məhsul, o cümlədən 2,1 ton ət, 700 kiloqram ağartı, 29,2 ton tərəvəz, 17 ton kartof, 100 kiloqram konserv məhsulu, 19 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta təklif olunmuşdur.
Yarmarkada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, pendir 2 manat 40 qəpiyə, pomidor 1manat 50 qəpiyə, xiyar 1manata, soğan 20, alma, kartof 40-50, kök 50, çuğundur 40 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə satılırdı.