REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 8 tondan çox məhsul təklif olunurdu.
Paytaxt sakinləri yarmarkaya gələrək həvəslə təzə və keyfiyyətli məhsullar alırdılar. Onlar məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, şənbə günü yarmarkaya 2,5 ton ət, 0,4 ton ağartı, 2 ton tərəvəz, 2 ton kartof, 2 ton meyvə, 2,5 min yumurta gətirilmişdir. Buradakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 80 qəpik – 3 manat 50 qəpiyə, kartof, kələm və xiyar 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Şərifzadə küçəsində, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində keçirilən yarmarkaya beş rayondan gətirilmiş kənd təsərrüfatı məhsullarının arasında nübar meyvə və tərəvəz çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkanın əsas təchizatçılarından olan Salyan rayonunun fermerləri alıcılara əvvəlki həftədəkindən daha çox lobya, təzə kartof-soğan, xiyar, yerkökü, ağartı məhsulları və s. təklif edirlər. Qusar, Şabran, Quba və Astara rayonlarının şəxsi təsərrüfat sahibləri də yarmarkaya bol məhsul gətirmişlər. Ümumilikdə yarmarkaya gətirilmiş kənd təsərrüfatı məhsullarının həcmi 79,8 tondur.
Yarmarkaya gətirilmiş məhsullar arasında mövsümə uyğun olaraq göyərti, faraş kələm, təzə kartof, soğan, xiyar, badımcan, pomidor, çiyələk, alça, alma, tut, ərik, gilas və s. daha çoxdur. Sitrus meyvələrindən portağal, limon, ağartı məhsullarından süd, qatıq, xama, şor və s. alıcıların daha çox aldıqları məhsullar arasındadır. Bütün məhsullar bazardakından 25-30 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunurdu.
Sakinlər yarmarkada məhsulların bolluğu, çeşidlərin müxtəlifliyi, qiymətlərin ucuzluğu və yaradılan şəraitə görə minnətdarlıqlarını bildirirdilər.
Suraxanı rayonunda təşkil olunmuş hər iki yarmarkada - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 45,8 ton məhsul təklif olunur. Bazarlarla müqayisədə məhsullar 30-35 faiz ucuz satılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkalara gətirilən məhsullarda böyük artım vardır. Xüsusən də gilas, çiyələk, gilənar, bostan bitkilərindən xiyar, pomidor, bibər, badımcan artmışdır. Bu, qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur.
Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya fermerlər Qazax və Ağsu rayonlarından 13 tonadək meyvə-tərəvəz, süd məhsulları gətirmişdilər. Sakinlər məhsulları ucuz qiymətlərə ala bildikləri üçün minnətdarlıq edirdilər.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və ağstafalı fermerlər satışa bazardakından 25-30 faiz ucuz qiymətlərə xeyli təzə tərəvəz, süd məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirdi ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya şənbə günü Xaçmaz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 28 ton keyfiyyətli məhsul gətirilmişdir.
Hər həftə olduğu kimi tərəvəz, təzə kəsilmiş mal və qoyun əti, lobya, pomidor, xiyar, kartof, soğan, gilas, çiyələk və digər kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi.
Alıcılar bazar qiymətlərindən 30-40 faiz ucuz təklif olunan məhsulları həvəslə alırdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######