İQTİSADİYYAT
BAKIDA MDB ELEKTROENERGETİKA ŞURASININ 26-CI İCLASI KEÇİRİLMİŞDİR
MDB-nin 9 ölkəsinin, habelə müşahidəçi qismində İranın nümayəndələrinin iştirak etdikləri iclasda, əsasən, paralel və tranzit əməkdaşlıq, habelə Birlik məkanında vahid energetika sisteminin yaradılması ilə bağlı 16 məsələ müzakirə olunmuşdur. Bundan əlavə, MDB və Avropa enerji idrələrinin qarşılıqlı fəaliyyəti məsələləri də nəzərdən keçirilmişdir.
İclasda çıxış edən Şuranın sədri, “Rusiyanın Vahid Energetika Sistemi” Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Anatoli Çubays tədbirin əhəmiyyətini nəzərə çarpdıraraq, onun müsbət nəticələr verəcəyinə ümid bəslədiyini bildirdi. O dedi ki, MDB Elektroenergetka Şurasının Düşənbə iclasından sonra milli energetika sistemlərinin fəaliyyəti ilə bağlı bir sıra mühüm hadisələr baş vermişdir. A.Çubaysın sözlərinə görə, energetika idarələrinin əsas vəzifəsi qarşılıqlı maraq doğuran informasiya mübadiləsinə maksimum nail olmaqdır.
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov respublika hökuməti adından iclasın iştirakçılarını təbrik edərək bildirdi ki, respublikadakı sabit ictimai-siyasi vəziyyət, iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşması Bakıda belə mühüm forumun keçirilməsi üçün şərait yaratmışdır. Onun sözlərinə görə, Şura öz təyinatını tamamilə doğruldur, Birlik ölkələrinin milli energetika idarələrinin fəaliyyətini dəqiq əlaqələndirir. Yaqub Eyyubov vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş və Azərbaycanda ilk dəfə qeyd olunan Energetiklər günü ərəfəsində bunu qeyd etmək xüsusilə xoşdur.
MDB-nin icraçı katibi Vladimir Ruşaylo Şuranın növbəti iclasının iştirakçılarını salamlayaraq onun qərarlarının vacibliyini və səmərəliliyini vurğuladı. O, xüsusi qeyd etdi ki, Azərbaycan müstəqil inkişaf illəri ərzində sosial və iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Bütün bu uğurların bünövrəsini isə Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyev qoymuşdur. Azərbaycan MDB-nin inkişaf etmiş yanacaq-energetika kompleksinə, həm daxili tələbatı ödəmək üçün, həm də ixrac etmək üçün kifayət qədər neft və təbii qaz ehtiyatlarına malik olan bir neçə dövlətindən biridir. V.Ruşaylonun sözlərinə görə, bundan əvvəlki bütün illər ərzində Azərbaycanın elektroenergetika sahəsi sürətlə inkişaf etmişdir və hazırda Cənubi Qafqaz regionunda ən güclü və inkişaf etmiş sistemdir. Məlum həqiqətdir ki, energetika hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Energetika problemlərinin qlobal xarakteri, yanacaq-energetika və mineral-xammal komplekslərində öncül yer tutması energetika amilini MDB ölkələri arasında əməkdaşlığını əsas elementləri sırasına çıxarır. Yanacaq-energetika kompleksinin inkişafı həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində sərbəst ticarət zonasının yaradılmasının ən mühüm elementlərindən biridir.
“Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyev çıxışında bildirdi ki, 1999-cu ildə energetika sektorunda başlanmış islahatlar nəticəsində paylayıcı şirkətlər uzunmüddətli idarəçiliyə verilmişdir. Bu və digər islahatlar elektrik enerjisindən istifadə haqqının ödənilməsi səviyyəsini 1999-cu ildəki 10 faizdən bu il 44 faizə çatdırmağa imkan vermişdir. Təəssüf ki, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi və ölkəmizdə bir milyondan artıq qaçqın-köçkünün olduğu bir şəraitdə ödəniş haqqının yığılması məsələsində daha sərt siyasət yeritmək mümkün deyildir. E. Pirverdiyev dedi ki, Azərbaycan elə bu səbəbdən elektrik enerjisinin tariflərini artıra bilməmişdir və hazırda bu tariflər MDB-də ən aşağılardan biridir. O, eyni zamanda vurğuladı ki, əldə edilmiş sabitlik və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi islahatlar sayəsində ölkədə iqtisadiyyatın sabit inkişafı müşahidə olunur.
Sonra gündəliyə çıxarılan məsələlər müzakirə edildi.
İclasda Anatoli Çubaysın səlahiyyətlərinin daha bir il müddətinə uzadılması qərara alındı.