İDMAN
BAKIDA PARALİMPİYAÇI CÜDOÇULAR ARASINDA AVROPA ÇEMPİONATI KEÇİRİLİR
ÜÇ AZƏRBAYCAN İDMANÇISI YARIŞIN QIZIL MEDALLARINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Bakı İdman Sarayında görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı start götürmüşdür.
Yarışda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Litva, Latviya, İspaniya, Hollandiya, İsveç, Finlandiya, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Fransa, Avstriya və İtaliyadan 150-dən çox çüdoçu iştirak edir.
Ölkəmizin paralimpiya hərəkatı tarixində ilk dəfə Bakıda keçirilən bu mötəbər yarışda fərqlənmiş idmançılar Pekin Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər.
Çempionatın rəsmi açılışı mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov respublikamızda idmana göstərilən diqqət və qayğını, Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurları xatırlatmışdır. Beynəlxalq Korlar İdmanı Federasiyasının baş katibi Mişel Bertezen qitə çempionatının yüksək səviyyədə təşkil olunduğu üçün minnətdarlığını bildirmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra yarışların final mərhələsi başlanmışdır.
Qadınların yarışmasında Karmen Brusik (48 kq, Almaniya), Sandri Oriyeres (52 kq, Fransa), Ramona Brusiq (57 kq, Almaniya), Madina Kazakova (63 kq, Rusiya), Olqa Zabrodskaya (70 kq, Rusiya) və İrina Kolyanova (70 kq-dan yuxarı, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Kişilərin mübarizəsində isə Azərbaycan idmançıları Ramin İbrahimov (60 kq), Tofiq Mahmudov (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) qitə çempionu tituluna sahib çıxmışlar. Yalnız finalda Ukrayna cüdoçusuna uduzan Kərim Sərdarov (100 kq) gümüş, Ramin Əliyevlə (73 kq), Natiq Novruzzadə (81 kq) isə bürünc medallar qazanmışlar.
Digər çəki dərəcələrində Yani Kalluki (66 kq, Finlandiya), Şahid Qurbanov (73 kq, Rusiya), Sayni Conard (81 kq, Fransa), Mikola Livtitski (100 kq, Ukrayna) qızıl medallara layiq görülmüşlər.
Qitə çempionatına mayın 20-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaqdır.