İDMAN
BAKIDA QADINLAR ARASINDA OTÜSTÜ XOKKEY ÜZRƏ ÇEMPİONLAR KUBOKUNUN 31-Cİ KLUB YARIŞLARI BAŞLANMIŞDIR
Otüstü xokkey üzrə idman kompleksində yarışların açılış mərasimində çıxış edən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu turnirin məhz Bakıda keçirilməsi Beynəlxalq Otüstü Xokkey Federasiyasının Azərbaycana göstərdiyi böyük etimadın ölkəmizdə idmanın inkişafına yüksək qiymət verməsinin nəticəsi və sübutudur. Əbülfəz Qarayev bu diqqətə və etimada görə Beynəlxalq Otüstü Xokkey Federasiyasına Milli Olimpiya Komitəsi adından minnətdarlığını bildirmişdir.
Nazir Azərbaycanda idman hərəkatının yüksək sürətlə inkişafından danışaraq, ümummilli liderimiz Heydər Əliyevin və gənclərə, idmançılara, idmanın inkişafına daim qayğı göstərən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə əvəzsiz xidmətlərini vurğulamışdır. O bildirmişdir ki, indiki turnir bu il Azərbaycanda keçirilən sayca 6-cı beynəlxalq yarışlardır.
Sonra Azərbaycan Otüstü Xokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev və turnirin direktoru İngebor Qrüner turnir iştirakçılarını salamlamışlar.
Azərbaycanın dövlət himni səslənmişdir.
Yarışların ilk günü “Atasport” İrlandiyanın “Germes” klubuna 2:0 hesabı ilə qalib gəlmişdir.
“B” qrupunda çıxış edən xokkeyçilərimizin rəqibləri “Seneça San Saba” (İtaliya), “Germes” (İrlandiya), “Arminen Koller Transport” (Avstriya) komandalarıdır. “A” qrupunda “Volqa Telekom” (Rusiya), “ Kambre” (Fransa), “ Meteor” (Çexiya) və “Royal Viktori” (Belçika) klubları çıxış edəcəklər.
Hər qrupda birinci və ikinci yerləri tutan komandalar yarımfinalda yarışacaqlar. Yarımfinal görüşlərinin qalibləri gələn il seçmə divizionda oynamaq hüququ qazanacaqlar. Qrup mərhələsində 3-4-cü yerləri tutan kollektivlər də yarımfinalda çıxış edəcək, lakin onlar Trophy divizionunda qalmaq hüququ uğrunda mübarizə aparacaqlar.