BAKIDA SƏHİYYƏ SİSTEMİNDƏ İSLAHATLARA DAİR MİLLİ KONFRANS AÇILMIŞDIR
AzerTAg.az
Dekabrın 1-də Azərbaycan səhiyyəsində islahatlara həsr olunmuş üçgünlük milli konfrans başlanmışdır. Konfrans Səhiyyə Nazirliyi və Dünya Bankının Bakı nümayəndəliyi tərəfindən təşkil edilmişdir.
Səhiyyə naziri Əli İnsanov açılışda çıxış edərək bildirdi ki, Dünya Bankının 2001-ci ildə Azərbaycana ayırdığı güzəştli kredit hesabına nazirlik YUNİSEF ilə birlikdə beş təcrübi rayonda (Salyan, Xaçmaz, Şərur, Göyçay və Şəmkir) səhiyyədə islahatlar proqramını həyata keçirməyə başlayacaqdır. Bundan məqsəd ilk tibbi yardım sahəsində əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Proqram çərçivəsində 45 ictimai tibbi şura, 5 dərman preparatı anbarı və 10 təlim mərkəzi yaradılmış, tibb müəssisələri təmir edilmiş və müasir avadanlıqla təmin olunmuşdur. Azərbaycan mütəxəssisləri üçün bir sıra seminarlar da keçirilmiş, təcrübi rayonlarda səhiyyə sistemini təkmilləşdirməkdən ötrü planlar hazırlanmışdır. Lakin islahatlar sahəsində hələ çox iş görülməlidir. Əli İnsanov dedi ki, Dünya Bankı həmin proqramın davam etdirilməsinə əlavə tranş ayırarsa, Azərbaycan həkimlərinin xarici ölkələrin aparıcı klinikalarında ixtisasının artırılması, yeni açılan tibb müəssisələrinin müasir texnologiya ilə təmin olunması məsələsinə diqqət yetirmək lazımdır.
Dünya Bankının nümayəndəsi Enis Baris çıxışında vurğuladı ki, bu proqram səhiyyədə islahatlar layihəsində birinci mərhələdir və gələcək əməkdaşlıqda Azərbaycan tərəfinin təklif və arzuları nəzərə alınacaqdır.
Konfransın birinci günü Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun Azərbaycanda milli səhiyyə sığortasının perspektivlərinə dair məruzəsinin təqdimatı keçirildi, səhiyyə sistemində idarəçilik, kadr potensialı, əhalinin keyfiyyətli dərman vasitələri ilə təmin olunmasını yaxşılaşdırmaq problemləri müzakirə edildi.
Xəbərin mətnində orfoqrafik səhv var