İDMAN
BAKIDA ŞAMİL ŞAMXALOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ QADINLAR ARASINDA VOLEYBOL ÜZRƏ BEYNƏLXALQ TURNİRİN AÇILIŞI OLMUŞDUR
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında SSRİ və Azərbaycanın əməkdar məşqçisi Şamil Şamxalovun xatirəsinə həsr olunmuş voleybol üzrə qadınlararası beynəlxalq turnirin açılışı olmuşdur.
Turnirdə çıxış edən veteran voleybolçu Elmira Ağakişiyeva, Ş.Şamxalovun oğlu Tərlan Şamxalov və AVF-nin vitse-prezidenti Faiq Qarayev idmançılara uğurlar arzulamışlar.
Natiqlər vurğulamışlar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim bədən tərbiyəsi və idmanın inkişafını dəstəkləmişdir. Həmin ənənə bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Beynəlxalq turnirdə Azərbaycanın “Azərreyl”, “Rabitə”, “İqtisadçı”, “Lokomotiv” klubları ilə yanaşı, Bolqarıstan yığma komandası da müsabiqədənkənar iştirak edir.
Qeyd edək ki, 60-cı illərdə Şamil Şamxalov Azərbaycanda voleybolun inkişafına böyük töhfələr vermişdir. Məşqçinin 6 yetirməsi 1956-cı ildə gənclər arasında SSRİ çempionu adına layiq görülmüşdür. Üç il sonra isə Ş.Şamxalovun rəhbərlik etdiyi yeniyetmə qızlardan və oğlanlardan ibarət komandalar Moskvada keçirilən Ümumittifaq Spartakiadasının qalibi adını qazanmışlar.
######