ELM VƏ TƏHSİL
BAKIDA TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ TƏŞKİLATÇILIĞI İLƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-dan 21-dək Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (TQBA) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilatçılığı ilə “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq konfransı keçiriləcəkdir. Ötən il 32-ci konfrans Sinqapurda keçirilmişdir. Azərbaycan MDB ölkələri arasında TQBA-nın belə bir mötəbər konfransının keçirildiyi ilk ölkədir.
Konfransın işində 40 ölkədən 200 nəfərə qədər nümayəndənin iştirakı gözlənilir.
Bakı konfransında ən çox nümayəndə ilə Nigeriya (48 nəfər) və Böyük Britaniya (35 nəfər) təmsil olunmuşlar. Qalan ölkələrdən isə 1 nəfərdən 9 nəfərədək nümayəndə iştirak edəcəkdir.
Konfransda “Milli qiymətləndirmə sistemləri: təcrübə və nailiyyətlər”, “Ali və diplomdan sonrakı təhsilə qəbul üçün seçimin aparılması”, “Dövlət qulluğuna qəbulda qiymətləndirmə”, “Təhsil və qiymətləndirmə sistemlərində korrupsiya”, “Qiymətləndirmədə texnologiyanın rolu”, “Məktəb bazasında qiymətləndirmə”, “Qiymətləndirmənin alternativ üsulları”, “Çoxmədəniyyətli cəmiyyətdə qiymətləndirmə”, “Qiymətləndirmənin keyfiyyətinin dəyərləndirilməsi”, “Beynəlxalq qiymətləndirmə”, “Müəllimlərin keyfiyyətinin yüksəldilməsində qiymətləndirmənin rolu”, “Milli təhsil məqsədlərinin qiymətləndirilməsi” mövzularında məruzələr dinləniləcəkdir.
Məlumat üçün: Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for Educational Assessment (IAEA)) 1974-cü ildə ABŞ-ın Nyu Cersi şəhərində keçirilən təhsillə bağlı görüşdə əsası qoyulmuş bir təşkilatdır. Bu qurumun işi testlərin tədqiqatı, qiymətləndirmənin təkmilləşdirilməsi, testlərin tərtib edilməsi, testlərin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları bir araya yığmaq və bu məsələlər üzrə araşdırmalar apararaq yeni nailiyyətlər əldə etməkdən ibarətdir. Həmin ildən başlayaraq bu Assosiasiyanın konfransları ənənəvi olaraq hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan da MDB və Şərqi Avropa ölkələri arasında ilk dövlət kimi bu Assosiasiyaya 1999-cu ildən daxildir.
Konfrans sentyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında açılacaqdır. Tədbirdə dövlət və ictimai təşkilatların rəhbərləri iştirak edəcəklər.