İQTİSADİYYAT
BAKIDA TRASECA-NIN NÖVBƏTİ KONFRANSI BAŞA ÇATMIŞDIR
Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini Musa Pənahov konfransı açaraq gündəlikdə duran məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürüldüyünü bildirdi. Onun təklifi ilə TRASECA -da təmsil olunan dövlətlərin dəmir yolu, liman və su nəqliyyatı təsərrüfatlarının birgə bəyannaməsi və Bakı multimodal (qarışıq) daşınmalar üzrə fəaliyyət proqramı ilə bağlı təqdim olunan layıhələri bir daha nəzərdən keçirib düzəlişlər etmək üçün konfransda iştirak edən nümayəndə heyətlərinin üzvlərindən ibarət işçi qrupu yaradıldı.
İşçi qrupu kiçik düzəlişlərdən sonra hər iki layihəni yenidən müzakirəyə təqdim etdi. Çıxış edənlər bildirdilər ki, bu sənədlər TRASECA-nın fəaliyyətini ahəngdar etməyə, bu qurumun digər beynəlxalq nəqliyyat dəhlizləri ilə rəqabətə davam gətirə bilməsinə imkan verəcəkdir.
Natiqlər, Azərbaycanın müvafiq hökumət və dövlət qurumlarının TRASECA-nın fəaliyyətinə köməyini prezident Heydər Əliyevin bu beynəlxalq qurumun inkişafına olan diqqət və qayğısı kimi qiymətləndirdilər.
Hər iki layihənin imzalanması ilə konfrans öz işini başa çatdırdı.