MƏDƏNİYYƏT


BAKIDA TÜRKMƏNİSTANIN “AVAZA” MİLLİ TURİZM ZONASININ TƏQDİMATI KEÇİRİLMİŞDİR

Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Türkmənistanın Azərbaycandakı səfirliyi “Avaza” Milli Turizm Zonasının təqdimatını keçirmişdir.

Səfir Annaməmməd Məmmədov “Avaza”nın yaradılması barədə qərarın Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən 2007-ci ilin iyulunda imzalandığını bildirmişdir.

Diplomat demişdir ki, turizm zonasının yaradılması üçün 5000 hektar sahə ayrılmış, zona Xəzər sahili boyunca 26 kilometrlik ərazini əhatə edir. Layihəyə əsasən, “Avaza” Milli Turizm Zonası üç mərhələdə inşa olunacaqdır.

Birinci mərhələdə 750 hektar ərazidə inşa ediləcək obyektlər 30 min turisti eyni vaxtda qəbul edə biləcək. İkinci və üçüncü mərhələlərdə isə 500 hektar ərazidə 25 min turistin dincəlməsi üçün obyektlərin tikilməsi nəzərdə tutulur. Layihə sona çatdıqdan sonra “Avaza” Milli Turizm Zonasının eyni vaxtda 80 min qonağı qəbul etmək imkanı olacaqdır.

Zona ətrafında mikroiqlim yaratmaq məqsədi ilə 1300 hektar ərazidə meşə salınır. Artıq 365 hektar yaşıllaşdırılmışdır.

“Avaza” Milli Turizm Zonasında uzunluğu 7 kilometr, eni 50-120 metr olan süni çay da yaradılmışdır. Çayın üzərində 7 avtomobil və 4 piyada körpüsü salınmışdır. Süni çayın hər iki tərəfində 28 obyekt – restoran, kafe və barlar inşa edilmişdir.

Çaydan əlavə 6 göl və 11 çimərlik də yaradılmışdır. Çay üzərində gəmilər, o cümlədən yaxtalar hərəkət edə bilir. Xəzərdən çaya giriş və çıxış şlüzlər vasitəsilə həyata keçirilir. Qonaqları qəbul edəcək beynəlxalq hava limanı da artıq istifadəyə verilmişdir.

2010-2011-ci illərdə turizm zonasının inşasına 23,6 milyard ABŞ dolları ayrılmışdır. Turizm zonası artıq bir ildir ki, qonaqları qəbul etməyə başlamışdır.

Səfir xarici sərmayədarları “Avaza” Milli Turizm Zonasına sərmayə qoymağa dəvət etmişdir.

Təqdimat mərasimdə Milli Məclisin depitatları, turizm şirkətlərinin rəhbərləri, iş adamları iştirak etmişlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.