İDMAN
BAKIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ YENİYETMƏ BOKSÇULARIN BEYNƏLXALQ TURNİRİ BAŞLANMIŞDIR
Turnir iştirakçıları təntənəli açılış mərasimində görkəmli siyasi xadim Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla andılar.
MOK-un baş katibi, Avropa Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev mərasimdə çıxış edərək, son illər Azərbaycanda idmanın, xüsusən boksun inkişafında Prezident Heydər Əiyevin xidmətlərindən danışdı. O xatırlatdı ki, Azərbaycanda idmanın bu növü üzrə beynəlxalq turnir ilk dəfə 1996-cı ildə dövlət başçısının təşəbbüsü ilə keçirilmişdir. Artıq ənənəyə çevrilən bu turnir dünya idmançıları arasında geniş şöhrətə malikdir. Azərbaycanda belə yüksək səviyyəli yarışların keçirilməsi ölkədə boksun inkişafına böyük təkan verir. Təsadüfi deyil ki, son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələrə nail olmuşlar. Boksçularımız Afina Olimpiadasında iştirak etmək üçün rekord sayda lisenziya qazanmışlar. Azərbaycan boksçuları Afinada 11 çəki dərəcəsindən 9-da medallar uğrunda mübarizə aparacaqlar.
A.Əbiyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanda indiyədək keçirilmiş bütün beynəlxalq yarışlar kimi, bu turnir də belə mötəbər yarışların təşkilində ölkəmizin yüksək nüfuza malik olduğunu təsdiqləyəcəkdir.
Yarışların baş hakimi, Beynəlxalq Boks Federasiyası Hakimlər komitəsinin üzvü Qərib Ərgünci turnirin yaxşı səviyyədə hazırlandığına və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirdi.
Azərbaycanın dövlət himni səsləndi.
Birinci gün 9 çəki dərəcəsində 34 görüş keçirildi.
Mayın 9-da yarımfinal görüşləri olacaqdır. Turnirin qalibləri və mükafatçıları mayın 10-da müəyyən ediləcəkdir.