İQTİSADİYYAT
BAKIDA XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA VƏ NEFTKİMYASI SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
Bu dəfəki sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 20 faiz artıq olacağı gözlənilir. Nəzərə çarpacaq faktlardan biri də odur ki, ekspozisiyanın təxminən 30 faizini Azərbaycan bazarına ilk dəfə qədəm qoyan yeni şirkətlər təşkil edəcəklər. Sərgiyə olan ciddi marağın səbəbi Azərbaycanın dünyada yüksələn mövqeyi və regionda lider dövlətə çevrilməsidir.
Ekspozisiya sahəsinin 85 faizdən çoxu iri şirkətlər və Milli Pavilyonlar tərəfindən artıq sifariş edilmişdir.
Sərgidə dünyanın 30 ölkəsindən təxminən 350 şirkətin iştirakı gözlənilir. Sərgi çərçivəsində iyunun 7-8-də ənənəvi “Enerji təhlükəsizliyi və Xəzər neftinin dünya bazarlarına daşınması” mövzusunda konfrans keçiriləcəkdir. Konfransda təxminən 300 nümayəndənin iştirakı gözlənilir ki, bunların arasında neft və nəqliyyat şirkətlərinin, həmçinin, holdinq, sığorta şirkətləri və bankların rəhbərləri olacaqlar.