MƏDƏNİYYƏT
BAKIDA X KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) və Milli Kitabxananın birgə təşkilatçılığı ilə X Bakı kitab bayramı keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümünə, Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən YYSQ-nin sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirmişdir ki, kitab və kitabxana mədəniyyəti Azərbaycan tarixində mədəni təkamülün vacib tərkib hissəsidir. Son illər kitaba marağın xeyli artdığını qeyd edən sədr builki layihənin “İntellektual olmaq dəbdədir” devizi altında keçirildiyini diqqətə çatdırmış, kitabsevərləri bayram münasibətilə təbrik etmişdir.
Milli Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov, şair Çingiz Əlioğlu bölgələrdə kitab bayramının keçirilməsini kitaba artan marağın təntənəsi, kitab bayramının bütün yazarların, kitabsevərlərin və bütövlükdə xalqın bayramı olduğunu, ölkənin mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini vurğulamışlar.
Sonra “İlin milli kulturoloji mükafatı” müsabiqəsinin nəticələri elan olunmuşdur. Bildirilmişdir ki, müsabiqəyə təqdim olunmuş 280-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasında 32 iş uğurlu hesab olunmuş, mükafatlandırılmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov “2009-cu ilin mədəniyyət dostu”, Milli Məclisin deputatı Qənirə Paşayeva “2009-cu ilin ədəbiyyat dostu olan deputat”, iş adamı Mübariz Mənsimov “2009-cu ilin ədəbiyyat dostu” nominasiyalarının qalibi olmuşlar.
Yazıçı-publisistlər Paşa Qəlbinur “2009-cu ilin romanı”, Natəvan Dəmirçioğlu “2009-cu ilin qadın yazarı”, şair-publisistlər Simuzər Nüsrətbəyli “2009-cu ilin poeziya kitabı”, Zərəngiz Dəmirçi “2009-cu ilin Qarabağ mövzusunda kitabı”, Mahmud Əhməd “2009-cu ilin ictimai-siyasi şeirlər kitabı” nominasiyaları üzrə mükafata layiq görülmüşlər.
Tədbir çərçivəsində “Heydər Əliyev Milli Kitabxanamızda”, “28 May -Respublika günüdür” mövzusunda foto və kitab sərgisi, Türkiyə və Misir Mədəniyyət Mərkəzlərinin xüsusi stendləri nümayiş etdirilmiş, uşaq ədəbiyyatına, elektron nəşrlərə, Qarabağa, Rəsul Rzaya aid guşələr təşkil olunmuşdur.