SİYASƏT
BAKININ PANORAMINI QORUMAQ ÜÇÜN BÜTÜN ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Ümummilli liderimiz Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, Bakıda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xatırladan şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, paytaxtın Baş Perspektiv Planına uyğun olaraq qarşıda duran vəzifələrdən, şəhərin panoramının qorunması üçün həyata keçirilən tədbirlərdən, eləcə də qeyri-qanuni və özbaşına aparılan tikintilərə rəvac verənlərin cəzalandırılacağından danışmışdır.
Bakı şəhərindəki bütün torpaqların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyələrin, dövlətə məxsus mülkiyyətin isə İqtisadi İnkişaf Nazirliyinin balansında olduğunu bildirən Hacıbala Abutalıbov təəssüf hissi ilə qeyd etmişdir ki, paytaxtda aparılan özbaşına və qanunsuz tikililər Bakı rayonları icra hakimiyyətinin başçıları tərəfindən himayə edilir. Bəzi hallarda qanunsuz tikililərin neft və qaz kəmərlərinin, hətta mərkəzi kanalizasiya xətlərinin üstündə aparıldığını bildirən şəhər rəhbəri dedi ki, həmin yerlərdə baş verə biləcək xoşagəlməz hadisələrə görə məsuliyyəti bu işlərə icazə verən icra başçıları və digər səlahiyyətli şəxslər daşıyırlar.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından şəhərə gələn magistralın Xətai rayonunda Şah İsmail Xətainin heykəlinə qədər olan hissəsinin hər iki tərəfində (hər tərəfdə 100 metr məsafə olmaqla) çoxmərtəbəli yaşayış binalarının, eləcə səhiyyə, təhsil ocaqlarının, həmçinin idman kompleksləri və istirahət parklarının tikiləcəyini söyləyən şəhər meri bildirmişdir ki, həmin ərazilərdəki bataqlıqlar qurudulacaq, zibillik və bərbad halda olan yerlər abadlaşdırılacaqdır.
Bakı şəhərinin panoramının qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirən şəhər icra hakimiyyətinin başçısı qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi, diqqət və qayğısı ilə hazırlanan Baş Perspektiv Plan müasir dövrün bütün tələblərinə cavab verir. Bu planı qüsursuz həyata keçirmək üçün bütün imkanlardan istifadə ediləcəkdir. Artıq Rusiya Federasiyasından və bir neçə Avropa dövlətindən tanınmış memarlar paytaxtımıza dəvət olunublar.
Axırda toxunulan məsələlərlə bağlı yerli icra hakimiyyəti başçılarına və müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verən Hacıbala Abutalıbov keçirdiyi mətbuat konfransında jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.