İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər səsli hərracların yekunlarına görə 4 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 400 min ABŞ dollar təşkil etmişdir. Ticarət sessiyasının açılış məzənnəsi bir dollar üçün 4916 manata bərabər olmuşdur. Təklifin həcmi 500 min ABŞ dolları olduğu halda, tələbat 400 min dollar təşkil etmiş, sonra isə sessiya bağlananadək onun məzənnəsi hər dollar üçün 4915 manata enmişdir.
Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində göstərilən ABŞ valyutasının qiyməti orta hesablanmış məzənnə həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 1,470 milyon ABŞ dollarına bərabər olan həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 7,225 milyard təşkil edir. Bir əqdə orta hesabla 245 min ABŞ dolları düşmüşdür. T+1, T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər əqd bağlamamışlar. BEST-də EUR/AZM, RUR/AZM üzrə banklar tərəfindən sifarişlər verilməmişdir.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında Milli Bank illik 10 faizlə ümumi məbləği 1,1 milyard manat olan kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 6-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.