İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 450 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4930 manat olmuşdur. Təklif 500 min dollar və tələb 450 min dollar olduğu halda manatın məzənnəsi 1 bənd qalxaraq, 1 dollar üçün 4929 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4929 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 861 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,173 milyarddır. Bir əqdə, orta hesabla, 232 625 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RURAZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,536 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Martın 16-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.