İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 760 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4920 manata bərabər olmuşdur. Təklif 760 min və tələb 700 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar ücün 4919 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4919,11 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 4 milyon 489 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 22,082 milyarddır. Bir əqdə, orta hesabla, 641 286 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 18,102 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 21-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.