İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 150000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4901 manat olmuşdur. Təklifin həcmi 120000 dollar və tələbin həcmi 150000 dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4902 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4903 manat həddində idi.
EHBS-də USD/AZM T+0 aləti üzrə 3 milyon 807 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 18,666 milyarddır. Bir əqdə, orta hesabla, 271929 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,847 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 5-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.