İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4907,34 manata bərabər idi. Məzənnə göstəricisi dəyişməmişdir, çünki səhər sessiyası çərçivəsində banklar arasında heç bir əqd bağlanmamışdır.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 3 milyon 791 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4909 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3 milyon 791 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 18 milyard 610 milyondur. Bir əqdə, orta hesabla, 541 571 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,061 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Oktyabrın 1-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.