İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4589,90 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 730 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,31 bənd qalxaraq, 1 dollar üçün 4589,59 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 870 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4590,17 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 600 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 7 milyard 344 milyondur. Bir əqdə orta hesabla 200000 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP-USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 11 faizlə 5 milyard manat həcmində əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti 1 gündür. Banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsi üçün ümumən 17,769 milyard manat məbləğində sifarişlər vermişlər.