İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4589,62 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 150 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2,38 bənd düşərək, 4592,00 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 770 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4592,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 920 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 milyard 225 milyondur. Bir əqdə orta hesabla 153 333 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP-USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 17,769 milyard manat məbləğində sifarişlər vermişlər.
Oktyabrın 6-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.