İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informarsiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 780 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manat olmuşdur. 780 min dollar həcmində təklif müqabilində tələb 680 min dollar olmuş və manatın məzənnəsi ABŞ dollarına nisbətən 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912,36 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 4 milyon 707 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 23,122 milyard təşkil edir. Bir əqd, orta hesabla, 672,429 min dollara bərabər olmuşdur. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar. AVRAZM və RURAZM aləti üzrə banklar tərəfindən sifariş daxil olmamışdır.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,2 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 29-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.