İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, sentyabrın 24-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4912 manat olmuşdur. Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 1 milyon 890 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. 1 milyon 890 min təklif və 1 milyon 725 min tələb şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 550 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 2,702 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 137,500 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
AVRAZM, RURAZM alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 950 milyon manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Sentyabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.