İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4911 manata bərabər olmuş və hərracların sonunadək dəyişməmişdir. Tələbat və təklif 100 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4910,29 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 14 milyon 170 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 69, 579 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 1,417 milyon dollar düşmüşdür.
Tələbat olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
AVRAZM, RURAZM alətləri üzrə banklardan BEST-ə sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,250 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Sentyabrın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.