İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 150 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4911 manata bərabər olmuşdur. 115 min təklif və 150 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd qalxaraq, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 250 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 11,052 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 321,429 min dollar düşmüşdür. Tələb olmadığından dillerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar. RURAZM TOM alətləri üzrə BEST-də 1 RUR üçün 163,89 manat məzənnəsi ilə, ümumən, 2 milyon rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, illik 10 faizlə, 1,200 milyard manat və illik 8 faizlə 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 20-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.