İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 301 min ABŞ dolları təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuş və hərracların yekununa görə dəyişməz qalmışdır. Tələb və təklif 301 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4913 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 203 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 5,910 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 200 min 500 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar EUAZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,114 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 4-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.