İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 520 min ABŞ dollarI təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuşdur. 520 min dollar təklif və 470 min dollar tələb şəraitində manatın məzənnəsi 2 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912,42 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 105 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 5,428 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 184,67 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,164 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 7-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.