İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 412 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuşdur. Təkliflərin həcmi 412 min dollar və tələbin həcmi 380 min dollar olduğu şəraitdə manatın məzənnəsi 1 bənd qalxmış və 1 ABŞ dolları üçün 4917 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4916,76 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 671 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 8 milyard 216 milyon təşkil edir. Bir əqdə, orta hesabla, 334 min 200 dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM aləti üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 6 milyard 167 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 28-də illik 10 faizlə 1 milyard manat kredit götürülməsi haqqında banklararası əqd qeydə alınmışdır. Kreditləşdirmə müddəti 7 gündür.