İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASININ 10 İLLİYİ
Birjanın informasiya–analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, BBVB öz fəaliyyətinin lap əvvəlindən ölkənin mərkəzi maliyyə təsisatlarından biri olaraq bu gün də Azərbaycanın işgüzar dairələri üçün iqtisadi islahatların bir növ rəmzi sayılır. BBVB ən müasir informasiya texnologiyalarından istifadə edərək və universal ticarət sistemlərinin təşkili üzrə uğurlu təcrübəyə əsaslanaraq dövriyyələrin həcminə və maliyyə vasitələrinin sayına görə, ölkədə və ümumən Qafqaz regionunda ən iri birja təsisatına çevrilmişdir.
Fəaliyyət göstərdiyi on il ərzində birjanın valyuta seksiyasında 2 mindən çox ticarət sessiyası keçirilmişdir. Bağlanmış valyuta əqdlərinin ümumi həcmi, təxminən 3 milyard dollar, manat ekvivalentində isə 12 trilyon manatdan çox olmuşdur. 1995-ci il martın 31-dən bu günədək BBVB-də Azərbaycan Milli Bankının kredit hərracları keçirilir və bu hərraclarda kommersiya bankları 900 milyard manat borc götürmüşlər. 1996-1999-cu illərdə dövlət istiqrazları üzrə hərracların həcmi 694,15 milyard manat təşkil etmişdir. BBVB-nın səyləri sayəsində ölkə banklarının əksəriyyəti elektron hərraclarının iştirakçısı olmuş, ötən il iyulun 9-dan BEST sistemində 85 milyon dollar məbləğində əqdlər bağlayaraq, valyuta risklərini və qısamüddətli likvidliyi daha operativ və kompleks şəkildə idarə etmək imkanı qazanmışdır.
BBVB dünyanın ən iri xarici maliyyə təsisatları ilə əməkdaşlıq edir. Onların arasında İstanbul Fond Birjası, Moskva Banklararası Valyuta Birjası, Vyana Birjası və digərləri vardır. BBVB Dünya Birjalar Federasiyasının, Avropa-Asiya Birjalar Federasiyasının üzvü, habelə MDB Beynəlxalq Birjalar Federasiyasının həmtəsisçisidir. Beynəlxalq və regional əməkdaşlıq birjaya yeni texnoloji ideyaları, maliyyə vasitələrini tətbiq etməyə, infrastrukturu və riskləri idarəetmə sistemini təkmilləşdirməyə imkan verir.