İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASI 2003-CÜ İLİN ƏN YAXŞI TREYDERLƏRİNİ ELAN ETMİŞDİR
Aynur Cavadova (“AZƏRTÜRKBANK” ATMSKB) - ən yaxşı “e-treyder” kimi, Emil Həsənov (“NİKOYL” İKB) – BEST sistemində maliyyə alətlərindən daha çox istifadə etdiyinə görə, Ramil Məmmədov (“ATABANK” SKB) - beynəlxalq kredit bazarında daha çox sayda əqdlər bağlanmasına görə, Günay Məmmədova (“ƏMRAHBANK” KB) – elektron hərraclarının birja sistemində (BEST) daha çox sayda əqdlər bağlanmasına görə fərqlənmişlər.
BEST sistemində hər bir treyderə onun gələcək autentifikasiyası üçün istifadə edilən şəxsi kod verilir. BBVB-nin fərqlənmiş dilerlərinə xatirə hədiyyələri və diplomlar təqdim edilməsi mərasimi İSR Plasa otelində keçirilmişdir. Bu mərasim Bakı Banklararası Valyuta Birjasının Azərbaycanın maliyyə bazarının inkişafında bankların rolunu qiymətləndirdiyini bir daha sübut etdi. 2003-cü ildə BBVB-nin valyuta və kredit bölmələrində 1457 əqd bağlanmışdır ki, bu da 2002-ci ildəkindən 34 faiz çoxdur. Bağlanmış əqdlərin ümumi həcmi 3,145 trilyon manatı keçmişdir ki, bu da birjanın fəaliyyətdə olduğu on il ərzində ən yaxşı göstəricidir. 2003-cü ildə Azərbaycanın ümumi birja dövriyyəsində BBVB-nin payı 84 faizə çatmışdır.