İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASI AVQUST AYINDA SDV BİRJA BAZARININ APARICI OPERATORLARI OLAN BANKLARIN SİYAHISINI MÜƏYYƏN ETMİŞDİR
Bakı Banklararası Valyuta Birjası (BBVB) 2003-cü ilin avqust ayında sərbəst dönərli valyuta birja bazarının aparıcı operatorları olan bankların siyahısını müəyyən etmişdir. Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, valyuta bölməsində ümumi hərraclar dövriyyəsində bağladıqları əqdlərin payına uyğun olaraq, birja valyuta bazarının beş lider bankı siyahısına Azərbaycan Beynəlxalq Bankı, “Əmrahbank” və “Texnikabank” kommersiya bankları, “Respublika” səhmdar-kommersiya bankı və “Rabitəbank” kommersiya bankı daxildir. 2003-cü ilin avqust ayında BBVB-də ABŞ dolları üzrə hərraclarda cəmi 26 bank iştirak etmişdir. Ötən ay 21 ticarət sessiyası keçirilmiş və 243 əqd bağlanmışdır. Avqust ayında birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi 340 milyard 189 milyon manat, yaxud 69,222 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 9 dəfə çoxdur. Avqust hərraclarının ümumi həcmindən 61,206 milyon dollar, yaxud 88 faiz BEST elektron sistemindəki əqdlərin payına düşür. Avqust ayında AZM-nin ABŞ dollarına nisbətdə orta hesablanmış məzənnəsi 1 USD üçün 4914,47 manat təşkil etmişdir. Xatırladaq ki, bu, 2003-cü ilin iyul ayında 4918, 90 manat olmuşdur.
Bunu da qeyd etmək lazımdır ki, avqust ayında Rusiya rublu üzrə BEST-də əqdlərin həcmi 679,744 milyon manat təşkil etmişdir.