İQTİSADİYYAT
BAKI BİZNES MƏRKƏZİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə şirkətin sosial sərmayələr üzrə meneceri Maykl Həknburq sosial sərmayə qoyuluşu, onun mahiyyəti və icra mexanizmi barədə ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində irimiqyaslı neft-qaz layihələrini həyata keçirən və sosial sahəyə sərmayə qoyan bp şirkəti Azərbaycanda da kiçik və orta müəssisələrin inkişafına yardım göstərməyə, əhali üçün davamlı gəlir imkanları yaratmağa çalışır. “Sərmayə” sözünü isə məzmununa görə yox, biznes sahəsində fəaliyyət göstərən digər qurumlardan seçilmək üçün qəbul etmişdir və sərmayə adı ilə xərclədiyi vəsaitdən qazanc götürmək məqsədi güdmür. Şirkət indiyə qədər Azərbaycanda “Ümid”, “Həyat” və s. qeyri-hökumət təşkilatları vasitəsilə təhsil və mədəniyyət sahələrinə sponsorluq etmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və şimal neft kəmərləri boyunca yerləşən yaşayış məntəqələrində infrastrukturun yenidən qurulmasına və əhalinin sosial ehtiyaclarının ödənilməsinə, yeni iş yerlərinin açılmasına yardımçı olmuşdur. Hazırda bu istiqamətdə işlər görülməkdədir.
Şirkətin nümayəndəsi bildirmişdir ki, “bp-Azərbaycan” Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisi başa çatandan sonra da bu missiyanı davam etdirmək niyyətindədir.